Volkswagen dizellə işləyən avtomobil sahiblərinə kompensasiya verəcək
Volkswagen (VW) şirkəti dizellə işləyən, emissiya testindən yayınmağa imkan verən proqram yerləşdirilmiş avtomobil sahibinə kompensasiya ödəməli olacaq. Belə bir qərarı Almaniyanın Federal Ədalət Məhkəməsi çıxarıb.
Herbert Gilbert adlı iddiaçı avtomobilinə görə qismən kompensasiya ilə təmin olunacaq.
Mayın 25-də çıxarılmış qərar Almaniyada 60 min avtomobil sahibini əhatələyir.
VW həmin sürücülərə birdəfəlik ödəniş edəcəyini bildirib.
Şirkət bundan başqa 235 min almaniyalı avtomobil sahibini əhatələyən məhkəmə iddiası üzrə 830 milyon avro (904,5 milyon dollar) təzminat ödəyib.
Avtomobil istehsalçısı bu qalmaqal 2015-ci ildə ortaya çıxandan 30 milyard avro (32,7 milyard dollar) məbləğində cərimələr, kompensasiya, geri alma ödənişləri edib.
VW bildirib ki, dizel emissiyaları testlərinin nəticələrini dəyişməkdən ötrü qanunsuz olaraq sözügedən proqramı yerləşdirib.
Şirkətin məlumatına görə, 11 milyonadək avtomobilə belə bir cihaz qoyulub.