Qazaxıstanda etirazlarla bağlı yeni qanun qüvvəyə minir
Qazaxıstan sərbəst toplaşma azadlığı qanununu dəyişdirib. Tənqidçilər yeni qanunun beynəlxalq insan haqları standartlarına uyğun gəlmədiyini deyirlər.
Prezident Qasym-Zhomart Toqaev mayın 25-də qanunu imzalayıb.
Qanunda nümayişə neçə adamın qatıla biləcəyi, yürüşlər üçün məkanlar, ictimai tədbirlərə gərəkən icazələr müəyyənləşdirilir.
Yeni qanunda xaricilərin etirazlara qatılması, yaxud onları təşkil etməsi yasaqlanır.
Həm qazaxıstanlı, həm də beynəlxalq insan haqları fəalları dəfələrlə deyiblər ki, bu layihə beynəlxalq standartlara uyğun deyil, saysız qadağalar, bürokratik əngəllərlə doludur.
Ekspertlərin fikrincə, layihədə nəzərdə tutulan prosedurlar əslində sərbəst toplaşmaq üçün hakimiyyətdən icazə alınmasını tələb edir.
“Prosedurlarda bəzi dəyişikliklərə baxmayaraq, bu qanun Qazaxıstan hakimiyyətinin insanların dinc etiraz hüququnu məhdudlaşdırmağı əsaslandırması üçün əlyeri qoyur”, – “Human Rights Watch” təşkilatından Mira Rittman deyib.
AzadAvropa/AzadlıqRadiosu-nun məlumatına görə, karantin tədbirləri dönəmində hakimiyyət sözügedən qanuna dəyişiklikləri tənqid edən fəalları izləyib, onlara təzyiq göstərib.