Pedro: İndi Chelsea ilə müqaviləni uzatmayacağam
Chelsea`nin 32 yaşlı ulduz oyunçusu Pedro Rodriguez sezonun sonunda bitəcək olan müqaviləsini hal-hazırda uzatmaq niyyətində olmadığını açıqladı. O, koronavirus pandemiyasının yayılmağa davam etdiyi bu müddətdə tələsik qərar vermək istəmir. ONBİR İspaniyanin Cadena Ser radio stansiyasına istinad edərək ispan vingerin açıqlamalarını təqdim edir:
“Mən indi müqaviləni uzatmaq niyyətində deyiləm, amma bu, əsas məsələ deyil. Ən vacib şey insanların hal-hazırda birlik göstərməsidir. Mənim gələcəyimlə bağlı nə olacaqsa, olacaq, amma indi heç biz nə vaxt məşqlərə qayıdacağımızı bilmirik.
Biz karantinada olduq, çünki komanda yoldaşımız Callum Hudson-Odoi koronvirusa yoluxmuşdu. Hal-hazırda o, özünü yaxşı hiss edir və biz ona görə çox xoşbəxtik.
Mən hər şeyə görə çox təəssüf edirəm və İspaniyadan gələn xəbərlər çox təəssüfvericidir. Buradan bütün səhiyyə işçilərinə, dövlətin mühafizə qüvvələrinə, supermarketlərdə işləyənlərə təşəkkür edirəm. Ümidvaram ki, biz bu virusu dayandıra biləcəyik”.