Rusiya bütün uçuşları dayandırır
Rusiya hökuməti martın 27-dən ölkəyə gələn və çıxan bütün adi və çarter reyslərini dayandırıb. Bu addım koronovirus pandemiyası ilə mübarizə çərçivəsində atılıb.
Hökumət martın 26-da bildirib ki, hava şirkətlərinin digər ölkələrə uçuş həyata keçirməsinə yalnız o halda icazə verilir ki, Rusiya vətəndaşlarını ölkəyə qaytarsınlar, yaxud hökumətdən xüsusi icazə almış olsunlar.
Rusiya hava nəqliyyatına onsuz da məhdudiyyət qoymuşdu.
Martın 23-dən Rusiya hava şirkətləri Moskvadakı aeroportlardan yalnız xarici ölkələrin paytaxtlarına və Nyu York kimi böyük şəhərlərə uçuş həyata keçirirdilər.
Hazırda dünyanın bir çox ölkələri koronavirusla mübarizə məqsədilə sərhədlərdə giriş-çıxışı yasaqlayır.
Martın 25-nə olan rəsmi məlumata görə, Rusiyada koronavirusa 658 yoluxma halı qeydə alınıb. COVID-19 xəstəliyindən 2 nəfərin vəfat etdiyi açıqlanıb.