Ronaldinho 40 yaşını Paraqvayda istintaq təcridxanasında keçirir
Bugün, mart ayının 21-i, dünyaca məşhur, Barcelona`nın və Milan`ın keçmiş hücumçusu Ronaldinho öz 40 yaşını Paraqvayda, istintaq təcridxanasında keçirir. O, qardaşı ilə birliktə saxta Paraqvay pasportlarına sahib olduğuna görə saxlanılıb.
Xatırladaq ki, professional karyerasına 1998-ci ildə Braziliyanın Gremio klubunda başlayan Ronni, 2001-ci ildə PSG`ə transfer olunmuşdu. İki il sonra isə 30 milyon avro qarşılığında Barcelona`nın heyətinə keçid almışdı.
Katalonların heyətində braziliyalı sehirbaz klub səviyyəsində ən böyük uğurlara nail oldu: iki dəfə İspaniya çempionatı və ölkə Superkuboku qalibi, 2006-cı ildə isə Çempionlar Liqasının qalibi oldu. 2005-ci ildə dünyanın ən güclü futbolçusu seçilərək, “Qızıl Top” mükafatına layiq görülmüşdü.
Braziliya milli komandasının heyətində Ronaldinho 1999-cu ildə Amerika Kubokunun qalibi, 2002-ci ildə dünya çempionu və 2005-ci ildə FİFA Konfederasiyalar Kubokunun qalibi olmuşdu.
Daha sonra Ronaldinho Milan`a keçdi və 2010/2011 mövsümündə İtaliya çempionu oldu. Karyerasının sonları Meksika və Braziliya klublarında keçən Ronni 2018-ci ildə karyerasını bitirdi.