Real Madrid – Galatasaray | Ya indi, ya da heç!
UEFA Çempionlar Liqasının 4-cü turunda Galatasaray Santiago Bernabeu`da Real Madrid ilə qarşılaşacaq. Matçı alman hakim Felix Zwayer idarə edəcək. Grupda 1 xalı olan Galatasaray 3 oyunda hələ ki rəqib qapıya yol tapa bilməyib və sadəcə 1 xal toplaya bilib. Real Madrid isə 4 xal ilə 2-ci pillədə qərarlaşır.
Galatasaray cəbhəsində zədələri davam edən Şener və Falcao matçda forma geyinə bilməyəcək. Real Madrid`də isə Nacho ilə Gareth Bale bu oyunu buraxmalı olacaq.
Galatasaray çıxdığı son 9 rəsmi oyundan sadəcə 2-ni qazana bilib. Ümumilikdə isə bu mövsüm oynanan 14 rəsmi oyunda sadəcə 14 qol vura bilən ”Sarı-qırmızılılar” qapısında 11 qol görüb. Hücumdakı zəif performansı ilə önə çıxan komanda bu oyunların yarısında qol vura bilməyib. UÇL-da isə Galatasaray geridə qalan 3 turda qol vura bilməyən yeganə komandadır.
Avrokuboklarda 283-cu oyununa çıxacaq olan Galatasaray, geridə qalan 282 oyunda 99 qələbə qazanıb, 74 dəfə bərabərə qalıb. Qalan 109 qarşılaşmada isə məğlub olub. Rəqib qapıya 376 qol vuran Türkiyə nəhəngi, qapısında 415 qol görüb. Ümumlikdə isə Galatasaray ispan komandalar ilə 32 dəfə qarşılaşıb. 32 qarşılaşmada yalnız 8 qələbə qazanan komanda, 18 dəfə məğlub olub. 6 matç isə bərabərə yekunlaşıb. Real Madrid`ə qarşı oynanılan 8 matçın isə 3-ü Galatasaray`ın qələbəsi ilə başa çatıb. Qalan 5 oyunun hamısını isə Real Madrid qazanıb.