AŞPA-nın qış sessiyası başlayır
Qış sessiyası 5 gün davam etməlidir.
Azərbaycan Milli Məclisindən bildirildiyinə görə, öncə təşkilati məsələlərə baxılacaq, qurumun yeni rəhbərliyi seçiləcək. Sessiya çərçivəsində Nazirlər Komitəsinin iclası olmalı, AŞPA-nın hazırkı baş katibi T.Yaqland çıxış etməlidir.
AŞPA-nın plenar iclaslarında Gürcüstanda keçirilmiş prezident, Ermənistanda isə parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr də aparılmalıdır.
«Avropa Şurası ölkələrində referendum prosedurlarının yenilənməsi, demokratik seçkilər üçün media azadlığının əsas şərtləri…, milli azlıqların hüquqlarının qorunması və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq», - məlumatda qeyd edilir.
Sessiyada Azərbaycanla bağlı müzakirələrin də olacağı istisna edilmir.
Xatırlatma
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan hələ də qurumun monitorinqi altındadır.
