De Biasi: Azərbaycan futbolu hələ də qapalı dünyadır
Millimizin baş məşqçisi Gianni de Biasi Britaniya mətbuatına müsahibə verib.
ONBİR italiyalı mütəxəssisin müsahibəsini qol.az saytına istinadən təqdim edir:
“İrlandiyaya qarşı Dublində yaxşı oyun sərgilədik. Xüsusilə də birinci hissədə. İkinci yarıda matçı idarə etməkdə çətinlik çəkdik və evə üç xalla dönə bilmədik. Əslində bu da bizim üçün inanılmazdır.
İrlandiyanın qol vurduğu epizodda daha yaxşı oynaya bilərdik. Bir neçə oyunçumuz sadə səhvlərə yol verdi. Ümumiyyətlə, heç-heçənin ən ədalətli nəticə olduğunu düşünürəm. İrlandiya qapıçıdan başlayaraq geridən oynamağa çalışan komandadır. Həm texniki, həm də fiziki cəhətdən yaxşı keyfiyyətlərə malikdir. Amma görünür hələ də tarazlığı tapmayıb.
![De Biasi set for Levante - Eurosport](https://imgresizer.eurosport.com/unsafe/1200x0/filters:format(jpeg)/origin-imgresizer.eurosport.com/2006/09/07/306501-24250129-2560-1440.jpg)
Vətənim İtaliyada uğur qazanmışam, 3 və 4-cü divizionlardan dəfələrlə klubları A seriyasına yüksəltmişəm. Yüksək liqada qalmaq istəyən komandalarla bunu bacarmışam. Ölkənin böyük klublarında işləmək imkanım nəyə görə olmayıb, bilmirəm. Yəqin ki, heç vaxt agentim olmadığına görədir. Özümü azad ruhlu insan hesab edirəm, hər zaman öz işimlə məşğulam, hansısa klanın hissəsi olmağa ehtiyac duymuram.
Xəzərin sahilində gözəl bir şəhər olan Bakıda həyat yaxşıdır. Eyni zamanda möhtəşəm şəkildə qorunan köhnə tarixli və UNESCO-nun irs siyahısına salınmış şəhərdir. Ölkə çempionatının, demək olar ki, bütün oyunları burada keçirilir. Çünki paytaxtdan kənarda yerləşən yalnız iki klub var. Azərbaycan Premyer Liqasında cəmi 8 klub mövcuddur və əksəriyyətinin heyətinin böyük hissəsi əcnəbi futbolçudan ibarətdir. Bu da seçim etmək üçün məhdud imkan verir. Burada asan deyil. Çünki Azərbaycan futbolu hələ də qapalı dünyadır, bir neçə oyunçu xaricdə oynamağa yeni başlayıb. Bu baxımdan daha çox futbolçunun xaricə yollanmaq və beynəlxalq təcrübə toplamaq şansına sahib olacağına ümid edirik”.