Yerevan BMT nümayəndələrinin Şuşaya səfərinə etiraz edir
![Yerevan BMT nümayəndələrinin Şuşaya səfərinə etiraz edir](https://gdb.rferl.org/02330000-0aff-0242-4f59-08da05a25bbf_w800_h450.jpeg)
BMT-nin Ermənistandakı rezident əlaqələndiricisi vəzifəsini icra edən Lila Peters Yahya qurumun Azərbaycandakı nümayəndələrinin Şuşa şəhərinə görə Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb. Məlumatda vurğulanır ki, görüşdə BMT nümayəndəsinə deyilib ki, Ermənistan XİN martın 18-də Şuşa hadisələrində BMT-nin Azərbaycandakı nümayəndəliyinin iştirakını kəskin şəkildə pisləyir. Bununla bağlı BMT nümayəndəsinə XİN etiraz notası verildiyi də bildirilir.
Beləki martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ediblər.
Azərbaycan 1992-ci il martın 2-dən BMT-nin üzvüdür.
Xatırlatma
1992-ci mayın 8-də Ermənistan ordusu tərəfindən işğal olunan Şuşa şəhəri 28 il sonra -2020-ci il noyabrın 8-də Azərbaycan silahlıq qüvvələri tərəfindən işğaldan azad olunub.
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.