MN: Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərindəki mövqeləri atəşə tutlub
![MN: Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərindəki mövqeləri atəşə tutlub](https://gdb.rferl.org/23fb5b42-2cc1-4018-9713-8b099deecc7f_cx0_cy15_cw0_w800_h450.jpg)
Müdafiə nazirliyi xəbər verir ki, martın 12-i və 13-də fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub.
"Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub"
Məlumatda Azərbaycan ordusunun bu istiqamətlərdə adekvat cavab tədbirləri gördüyü vurğulanır.
"Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır"-Nazirlik bildirir.
Rəsmi Bakı son günlər Azərbaycan ordusunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə doğru hərəkətliliyin olması barədə yayılan məlumatları təkzib edir . Müdafiə nazirliyi bəyan edir ki, hazırda Azərbaycan ordusu hər hansı yerdəyişmə həyata keçirmir.
Sosial şəbəkələrdə yayılan foto və videolara gəlincə nazirlik bu matrealların yeni deyil və bu 44 günlük 2-ci Qarabağ müharibəsi zamanı çəkilib. Nazirlik yalan məlumatları yaymamağa çağırır. Azərbaycanın baş prokurorluğu isə bu kimi məlumatların yayılmasının məsuliyyət yardacağını bildirir.
Xatırlatma
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.