Biləsuvarın icra başçısı həbs edilib (VIDEO)
Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində həbs-qətimkan tədbiri seçilib.
Bu barədə Səbail Rayon Məhkəməsindən bildirilib.
Verilən məlumata görə, bugün, aprelin 30-da məhkəmə Dövlət Təhlükəsizlik Xidmətinin təqdimatına baxıb.
Məhkəmə prosesində təqdimatın təmin olunduğu və Mahir Quliyevin barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.
Amma onun konkret nədə ittiham edildiyini, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.
Bu məlumata Mahir Quliyevin yaxınları və onun vəkilindən də münasibət almaq cəhdləri nəticə verməyib.
Mahir Quliyev elə bu gün, aprelin 30-da səhər saatlarında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam verib.
Dünən, aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi bildirilmişdi.
Amma DTX, hələlik, bununla bağlı hər hansı açıqlama verməyib.
Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi. O, bundan əvvəl isə Astara Rayon İcra Hakimiyyəti başçısı olub.
Yerli saytlar onun dünən,aprelin 29-da saxlandığı haqqında məlumat yayıblar.
Xatırlatma
DTX-nın bundan əvvəl bu ilin fevralında Neftçala rayonunda əməliyyatı olmuşdu. Həmin əməliyyat nəticəsində azı 6 nəfər, əsasən, rüşvətə görə şübhəli şəxs qismində saxlanıb, həbs edilmişdi.
Saxlanan şəxslər rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və Təhsil şöbəsinin müdiri Əjdər Kərimov idi.
Bundan əvvəl, ötən ilin dekabrında isə DTX Ağstafa rayonunda əməliyyat keçirmişdi. Onda da icra hakimiyyəti başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov həbs edildilər. Onlar da rüşvət alma və başqa oxşar ittihamlarla üzləşiblər.