Putin Monqolustanla ‘daimi dostluq’ müqaviləsi imzalayacaq
Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustan prezidenti Khaltmaagiin Battulga ilə “dostluq və geniş strateji partnyorluğa” dair daimi müqavilə imzalayacaq.
Bu barədə Kremlin internet saytında dərc olunmuş müsahibədə deyilir.
Bu müqavilə Rusiya və Monqolustan arasında 1993-cü ildə imzalanmış Dost Münasibətlər və Əməkdaşlığa dair müqavilənin üzərində tərtib olunub və müddətsizdir.
Putin Monqolustanın “Odriyn Sonin” qəzetinə verdiyi müsahibədə deyir ki, bu müqavilə “bizim qarşılıqlı bağlarımızı fundamental şəkildə yeni səviyyəyə qaldıracaq”.
Putin sentyabrın 2-də, gecə saatklarında Monqolustanın paytaxtı Ulan Batora gəlib.
O burada habelə SSRİ və Monqolustan qüvvələrinin 1939-cu ilin 20 avqustundan sentyabrın 16-dək Xalxin Qol çayı boyunca gedən döyüşlərdə Yaponiya qüvvələri üzərində qələbəsinin 80-ci ildönümünə həsr edilmiş mərasimdə iştirak etməlidir.
Putin bildirib ki, bu qələbə Yaponiyanın 1941-ci ildə SSRİ üzərinə hücum etməməsinin əsas səbəbi olub.
Xəbər verilir ki, Rusiya və Monqolustan prezidentlərinin görüşündə habelə infrastruktur layihələri müzakirə olunacaq.
Bunlardan biri də Rusiya Dövlət Dəmir Yolları şirkəti ilə Monqolustanın Ulan Bator Railways şirkəti arasında əməkdaşlığa dair razılaşmadır.
Putin deyib ki, “bugün Rusiya-Monqolustan əməkdaşlığı geniş və çoxtərəflidir, siyasət, ticarət, iqtisadiyyat, investisiya, maliyyə, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və idman sahələrini əhatə edir”.
Kremlin məlumatına görə Rusiya və Monqolustan arasında qarşılıqlı ticarətin həcmi ötən il 21 faiz artıb.
Bu ilin altı ayı ərazində isə bu rəqəm 11 faiz artaraq 800 milyon dollara çatıb.
Putin bunu da deyib ki, Rusiya dövləti hər il 500-dək monqol tələbənin Rusiya universitetlərində təhsil almasına imkan yaradır.