Elmar Məmmədyarov Federica Mogherini ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov bu gün, mayın 14-də Brüsselə səfəri çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federica Mogherini ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir.
Məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verir. O, enerji, nəqliyyat, ticarət, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə toxunub
Tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların konstruktiv şəkildə davam etdiyini qeyd edərək bu sazişin əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və hərtərəfli inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.
Görüşdə regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 13-də Belçikaya işgüzar səfər edib.
Nazir mayın 14-də Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçirilən 3-cü beynəlxalq nazirlər konfransında iştirak edib.
O, bu səfər çərçivəsində bir sıra işgüzar görüşlər də keçirib.
Xatırlatma
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulmuş Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Proqramına Aİ-nin altı qonşu ölkəsi - Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna artıq qurumla assosiasiya sazişi imzalayıb.
Ötən ilin fevralından Azərbaycanla bu qurum arasında ayrıca ikitərəfli danışıqlar başlanıb. Həmin ilin noyabrında Ermənistanla Avropa Birliyi arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla isə, hələ ki, belə saziş bağlanmayıb.