ABŞ İran nüvə sazişindən çıxır, Avropa etirazını bildirir
ABŞ prezidenti Donald Trump mayın 8-də bəyan edib ki, Birləşmiş Ştatlar 2015-ci il İran nüvə sazişini tərk edir.
Trump bu barədə bəyanat verərkən deyib: “Mən bir azdan ABŞ-ın İran üzərindəki nüvə sanklsiyalarını bərpa edən memorandumu imzalayacağam”.
Trump bildirib ki, ABŞ İran üzərinə “ən yüksək iqtisadi sanksiyaları” qoyacaq. Lakin o bu sanksiyalar barədə təfərrüatlı məlumat verməyib.
Bundan əvvəl Donald Trump ABŞ-ın Avropa müttəfiqlərinə İran sazişndəki “dəhşətli qüsurların” aradan qaldırılması üçün mayın 12-dək vaxt vermişdi.
ABŞ-ın başqa 5 dövlətlə birlikdə İranla imzaladığı nüvə sazişinə uyğun olaraq Tehran özünün nüvə proqramını məhdudlaşdırmışdı.
Bunun müqabilində İranın üzərindəki iqtisadi sanksiyalar qaldırılmışdı.
Tehranda İran prezidenti Hasan Rohani ABŞ liderinin bu qərarına dərhal reaksiya verib və bildirib ki, İran Avropa İttifaqı ilə məsləhətləşdikdən sonra özünün nüvə proqramını bərpa etməyə hazırdır.
Bundan əvvəl, mayın 8-də Rohani demişdi ki, ABŞ-ınİran üzərinə sanksiyaları bərpa etməsi Tehran üçün müəyyən problemlər yaradacaq.
Mayın 7-də isə Rohani bildirmişdi ki, Tehran hətta ABŞ bu razılaşmadan çıxsa da nüvə sazişinin şərtlərinə sadiq qalacaq.
Britaniya, Fransa və Almaniya son həftələrdə ABŞ-ın nüvə sazişində qalması üçün cəhdlər göstərirdi.
Fransa prezidenti Emmanuel Macron mayın 8-də bəyan edib ki, Fransa, Almaniya və Britaniya ABŞ-ın 2015-ci il nüvə sazişindən çıxmaq qərarından məyus olublar.
Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini mayın 8-də deyib ki, Aİ “bu sazişi qoruyub saxlamaq əzmindədir”. Mogherini sazişi “diplomatiyanın ən böyük uğurlarından biri” kimi təsvir edib.
O deyib ki, bütün beynəlxalq icmanın kollektiv təhlükəsizlik naminə bu sazişi davam etdirəcəyinə ümid bəsləyir.
Trump-ın bəyanatından əvvəl Rusiya bildirmişdi ki, Trump-ın ABŞ-ı nüvə sazişindən çıxarmasının “çox ciddi nəticələri olacaq”.