Sergen Yalçın əsəbiləşdi: Beşiktaş üçün heç kim əvəzolunmaz deyil
Mövsümün əvvəlində Arsenal`dan icarə əsasında transfer edilən Mohamed Elneny son günlər verdiyi açıqlama ilə klubda özünə qarşı münasibəti yüz səksən dərəcə dəyişmiş olub.
Xatırladaq ki, Beşiktaş ailəsi oyunçunun bu il göstərdiyi performansdan tam razı idi və hətta rəhbərlik Türkiyə üçün yüksək sayıla biləcək 18 milyon avroluq məbləği oyunçunun məxsus olduğu Arsenal`a ödəyərək Elneny`ni birbaşa transfer etməyə hazırlaşırdı.
Buna baxmayaraq, Elneny klubdan 600 min avroluq alacağını istəyərək bildirib ki, əgər bu məğləb ödənməzsə o, müqaviləsini birtərəfli ləğv edərək klubun sıralarını tərk edəcək.
ONBİR SporX`a istinadən xəbər verir ki, futbolçunun bu münasibətindən narazı qalan rəhbərlik baş məşqçi Sergen Yalçın`ı da vəziyyətdən xəbərdar edib. Sergen də özünəməxsus şəkildə məsələyə dərhal münasibətini bildirib:
“Onun klubdan ayrılmasında bir problem görmürəm. Getmək istəyirsə, getsin. Bizim üçün əvəzolunmaz oyunçu yoxdur.
Sərəncamımızda Atiba və Dorukhan kimi oyunçular var. Bu mövsümü onları oynadaraq başa vura bilərik. Gələn mövsüm Fatih Aksoy da bizə qoşulacaq.”
