Mattis Rusiyayla bağlı xəbərdarlıq edir
ABŞ müdafiə naziri Jim Mattis sentyabrın 17-də Makedoniyaya gedib. O xəbərdarlıq edib ki, Rusiya pulu və nüfuzundan istifadə edərək ölkənin adının dəyişdirilməsinə dair planlaşdırılan referenduma müxalif mövqe formalaşdırmağa çalışır.
“Onların bu işə görə pul köçürmələrinə, daha geniş nüfuz kampaniyaları aparmalarına şübhə yoxdur”, – Mattis onunla birlikdə Makedoniyanın paytaxtı Skopyeyə gedən jurnalistlərə deyib.
Ancaq Moskvanın referendumu məğlub etmək cəhdlərinin nə dərəcədə səmərəli olmasının bəlli olmadığını sözlərinə əlavə edib.
Qərb liderləri son günlər Skopyeyə səfər edərək sentyabrın 30-na planlaşdırılan referendumu dəstəkləyirlər. Referenduma ölkənin adının Şimali Makedoniya qoyulması çıxarılır.
İyunda Skopye və Afina belə bir razılığa gəliblər. Bu, Makedoniyanın NATO-ya qoşulmasına yol aça bilər, amma Moskva buna qarşı çıxır.
Rəy sorğuları “hə” cəbhəsinin öndə getdiyini göstərir, ancaq səsvermənin nəticələrinin etibarlı olmasından ötrü ölkənin 1,8 milyon nəfərlik qeydiyyat keçmiş seçicisinin 50 faizindən çoxu ona səs verməlidir.