Rusiya parlamenti qadın jurnalistlərə ‘sataşan’ deputatı ‘təmizə çıxarıb’
Rusiya parlamenti – Dövlət Dumasının etika komissiyası qadın jurnalistlər tərəfindən seksual qısnamada ittiham edilən vəzifəli millət vəkili Leonid Slutskinin məsələsinə baxıb və onu “təmizə çıxarıb”.
Komissiyanın sədri Otari Arşba martın 21-də qərarın qəbul edilməsindən sonra deyib ki, Slutski “heç bir davranış normalarını pozmayıb”. Qadın jurnalistlər millət vəkilini onlara sataşmaqda, öpməyə cəhd göstərməkdə və onlara “nalayiq şəkildə toxunmaqda” ittiham edirdilər.
Komissiya başçısı deyib ki, qadınların ittihamları 18 mart prezident seçkisi ərəfəsində ziddiyyət yaratmağa hesablanıb.
Komissiyanın qərarında deyilir ki, Slutskiyə qarşı ittihamlar “qərəzli, hədəfli və planlıdır”.
Arşba bildirib ki, Nyu Yorkda mənzilləmmiş RTVI telekanalının redaktor müavini Yekaterina Kotrikadze, müstəqil Dojd telekanalının prodüseri Darya Juk və BBC Rus xidmətinin müxbiri Fəridə Rüstəmova Slutskini “demək olar eyni vaxtda, prezident seçkisi ərəfəsində və iddia olunan qısnamadan uzun müddət sonra ittiham ediblər”.
Bundan əvvəl, martın 8-də Leonid Slutski sözü gedən qadın jurnalistlərdən üzrxahlıq etmişdi.
Daha əvvəl isə Dumanın spikeri Vyaçeslav Volodin seksual təcavüzdən qorxan qadın jurnalistləri “işlərini dəyişməyə” çağırmışdı.
Buna cavab olaraq parlamentin qarşısına toplaşmış etirazçılar Volodinə mesajlarında bildirirdilər: “Cənab Volodin, siz Dumada seksual qısnama ittihamlarını araşdırmaqdan qorxursunuz. Onda işinizi dəyişin!”